
İsmayılov Cahandar Cahangir oğlu (Cahandar BAYOĞLU)
Qərbi Azərbaycanın Ağbaba-Şörəyel mahalının Qaraçanta kəndində doğulub. 1971-ci ildə Qaraçanta orta məktəbində təhsil almağa başlayıb, 1981-ci ildə orta məktəbi bitirib. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. 1983-85-ci illərdə hərbi xidmətdə olub. 1987-ci ildə Milli Azadlıq Hərəkatının ilkin dərnəkləşməsində iştirak edib, 1988-ci ildə Sovet İmperiyasına qarşı baş qaldıran Xalq Hərəkatının təşkilatçılarından biri olub. 1989-cu ildə İnşaat Mühəndisləri İnstitutunu “inşaat mühəndisi” olaraq bitirib. Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub. 1992-93-cü illərdə AXC İcraiyyə Komitəsinin üzvü olub. 1994-cü ildən Bütöv Azərbaycan ideyasının təşkilatlanmasında təşkilatçılardan biri olub.
1998-ci ildə qurulan Bütöv Azərbaycan Birliyinin (BAB) təbliğatdan sorumlu rəhbəri vəzifəsinə təyinat alıb. 2000-ci ildən partiya mənsubiyyətinə son verərək Bütöv Azərbaycan davasında mücadiləsini davam etdirib. 2002-ci ildə Güney Azərbaycan Müdafiə Komitəsinin qurucu başqanı olub. 2006-cı ildən özəl biznes fəaliyyəti ilə məşğul olub. Sonrakı illərdə “Atatürk və Türk kimliyi”, “Şah Xətayi-Sultan Səlim” beynəlxalq simpoziumlarının təşkilatçılarından olub. Uluslararası Türk Dünyası ödül törəninin təşkilatçılarından biri olaraq Türk Dünyası aydınlarının Bakıda toplantısını gerçəkləşdirib. Türk Dünyası sənətçilərinin iştirakı ilə Bakı şəhərində Türklük Şöləninin gerçəkləşməsinin təşkilatçılarından olub. 2014-cü ildə Ankara Hacettepe Universitetinin gerçəkləşdirdiyi uluslararası Oğuzlar Simpoziumunda “Oğuzlar və Türk kimliyi” mövzusunda elmi məqaləylə çıxış edib. Elə həmin il Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin təşkil etdiyi Ortadoğu masasında dinləmələrə qatılıb. Nyuyork şəhərində BMT TŞ Azərbaycan nümayəndəliyini ziyarət edib.
2014-cü ilin noyabr ayında Saka Yakutyada Yakutsk Dövlət Universitetində Qarabağ mövzusunda Azərbaycan həqiqətləri ilə bağlı konfransda çıxış edib. 2015-ci ildə Doğu Türküstana səfər edərək Türk dünyasının ən nəhəng alim və dövlət adamı Mahmud Kaşğarinin və Qaraxanlı dövlətinin vəziri, böyük fikir adamı Yusif Xas Hacibin məqbərələrini ziyarət edib. Ayrı-ayrı zamanlarda Dünya Azərbaycanlıları diasporunun təşkilatlanması məqsədilə konqreslərə qatılıb. 2018-ci ildə Birləşik Azərbaycan Yurdları (BAY) Ocaqlarının qurucu başqanı olub. 2020-ci ildə məsləkdaşları ilə birlikdə Turan Partiyasını qurub və partiyanın qurucu başqanı olaraq fəaliyyətinə davam edib. 2023-cü ildə Turan Partiyasının da qurucu üzvlərindən olduğu Turan Hərəkatının qurucu başqanı olaraq fəaliyyət göstərməyə başlayıb. Hazırda da Turan Hərəkatının başqanı olaraq ictimai-siyasi fəaliyyətlə məşğuldur. Regional və beynəlxalq siyasətlə bağlı onlarla elmi-siyasi məqalənin müəllifidir. Müxtəlif televiziya proqramlarında bu mövzularda dəfələrlə çıxış edib. Ailəlidir, iki övladı, Altunay adlı bir nəvəsi var.